Transformatorların elementlərinin konstruksiyaları

TRANSFORMATORLARIN  ELEMENTLƏRİNİN
KONSTRUKSİYALARI

Maqnit keçiricisi, dolaqlar, izoləedici yağla dolu çən, çıxışlar və genişləndiricidən ibarət olan əsas konstruktiv elementlər yağla dolu transformatorların çoxusunda ümumi hesab olunur.
Maqnit keçiricisi. Transformatorun maqnit keçiricisi bir fazalı və üç fazalı olur. Bir fazalı, eləcə də üç fazalı maqnit keçiricisi çubuqşəkilli və zirehli növlərə ayrılırlar. Müasir güc transformatorları demək olar ki, tamamilə çubuqşəkillidirlər. Maqnit keçiricisi, qalınlığı 0,35 və 0,5 mm olan ayrı-ayrı xüsusi transformator poladından hazırlanan vərəqlərdən yığılır. Polad vərəqlər istiliyə davamlı, lak və ya təxminən 0,04 mm nazikliyində kağızla bir-birindən izolə edilir.
Müasir transformatorlarda çubuqlar və yarmo qatışıq şəkildə, qəfəsəli çərçivə kimi yığılır. Maqnit keçiricisi yığıldıqdan sonra yuxarı yarmonun vərəqələri çıxarılır, dolaqlar çubuqlarda yerləşdirildikdən sonra yenidən yerinə bərkidilir. Bu yığma üsulu eyni zamanda böyük mexaniki davamlılığı, maqnitləşdirici cərəyanın minimal olmasını və yığma üçün lazım olan avadanlıqların az mürəkkəb olmasını təmin edir.
Transformatorun güc və tipindən asılı olaraq, preslənmə əməliyyatı birbaşa sancaq ilə və ya yarmonun kənarında olan xarici sancaq ilə aparılır. Bu sancaqlar vasitəsi ilə vərəqələrin qapanması qarşısını almaq üçün sancaqlar izolə edilir.
Transformatorların dolaqları. Dolaqlar yerləşmə üsuluna görə ayrılır: a) konsentrik dolaqlı transformatorlar; burada yüksək, alçaq, eləcə də orta gərginlik dolaqları silindr şəklində çubuq üzərində konsentrik yerləşdirilir. Adətən alçaq gərginlik dolağını çubuğa yaxın yerləşdirirlər ki, onu çubuqdan izolə etmək asan olsun. Dolaqları bir-birindən izolə etmək üçün izoləedici bakelitlənmiş kağız və ya elektrik kartonundan silindr tətbiq edilir.
Böyük güclü transformatorlarda əsas məsələlərdən biri olan istilik vermə şərtini yaxşılaşdırmaq üçün dolaqları, aralarında 5-6 mm ventilyasiya kanallar olan disk şəkilli sarğaclardan hazırlayırlar.
Əgər dolağın bir sarğısı bir neçə paralel naqildən ibarətdirsə, onda cərəyanın bərabər paylaması üçün onların arasında transpozisiya aparırlar. Bu zaman naqil  ardıcıl olaraq bir təbəqədən digərinə keçir.
Güclü transformatorlarda soyutmanı artırmaq üçün radiatorların içərisində ventilyatorlar qurulur. Transformatorun qapağını bir qədər qalın poladdan hazırlayırlar. Qapaqla çənin yuxarı hissəsi arasında kiplik üçün yağa davamlı rezin və ya tıxacdan təbəqə qoyulur və qapaq çənə boltlarla sıxılır. Qapağın üstündə dolaqların ucları bərkidilən izolyatorlardan yerləşdirilir.
Maqnit keçiricisindən qapağa qədər olan məsafə bir adamın yerləşməsinə imkan verirsə, onda qapaq üzərində xüsusi çıxış yolu düzəldirlər. Bundan başqa qapağın üzərində genişləndirici və qoruyucu boru, yağın üst təbəqəsinin temperaturunu ölçmək üçün termometr, süzgəc-pres üçün kran, vakuum nasosunu birləşdirmək üçün qovşaq qutusu, transformatorun yüksüz gərginliyini tənzim etmək üçün dəyişdirici dəstək və çıxarılan hissəni qaldırmaq üçün halqa vardır.
Bəzi transformator tiplərində qapaq çıxarılan hissə ilə xüsusi bucaqlarla əlaqədar olur. Belə bir transformatorlarda çıxarılan hissə qapaqla birlikdə qaldırılır.
Genişləndirici. İstismar prosesində transformatorun yükündən və əhatə edən havanın temperaturunun dəyişməsindən asılı olaraq, yağın həcmi dəyişir. Temperatur dəyişdikdə transformatorlar “nəfəs alır” temperatur azaldıqda havanı sorur, artdıqda isə havanı sıxıb çıxarır. Yağın genişlənməsi zamanı yağın kənara axıb tökülməməsi və ya çənin partlamaması üçün kiçik güclü transformatorlarda yağı qapağa çatınca tökmürlər.
Transformatorun yağı qızan zaman çəndə sıxılan havanın xaric olması və soyutduqda xarici havanın içəri sorulması üçün xüsusi olaraq deşikli tıxac qoyurlar. Bu şərait daxilində yağ onu əhatə edən hava ilə görüşür. Buna görə də yağ təbii olaraq oksidlənir, nəmləşir və çirklənir, tədricən elektrik xarakteristikasını dəyişir, elektrik keyfiyyətini azaldır və izolyasiya materialı kimi yararsız hala düşür. Həcmi bakdakı yağın həcminin 10 %-nə bərabər olan genişləndirici yağın hava ilə görüşən səthini azaldır, onun oksidləşməsini məhdudlaşdırır, çəndəki yağı çirk və nəmdən  qorumağa imkan verir.
Orta güclü transformatorun genişləndiricisi, onda olan yağın həcmi dəyişən zaman havanın sorulma və qovulması üçün deşikli tıxacla təchiz edilir. Böyük güclü transformatorların genişləndiricilərini ucunda deşikli tıxac olan və havadakı bərk hissəcikləri genişləndiriciyə buraxmamaq üçün narın toru olan boru ilə təchiz edirlər. Genişləndiricinin yuxarı hissəsində transformatora yağı tökmək üçün deşik vardır; normal halda bu deşik tıxac ilə bağlıdır.
Qəza hallarında transformatorun dolağında yaranıb yağın parçalanmasına və güclü qaz ayrılmasına səbəb olan qövs nəticəsində daxili təzyiqin artması hallarında çənin zədələnməsi qarşısını almaq üçün, gücü 1000 kVA və yuxarı olan transformatorların qapağı üzərində yağın çıxması üçün boru qoyulur. Borunun yuxarı ucu flansla təchiz edilir və şüşə vasitəsi ilə örtülür. Çənin içərisində təzyiq buraxılan həddən çox artdıqda şüşə partlayır, yağ və qazlar xaricə çıxır.

Yorumlar

Popüler Yayınlar